ELM VƏ TƏHSİL
Kamal Abdulla: İstərdik ki, siz Amerikada Azərbaycanın dostlarına çevriləsiniz
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 15-də Azərbaycan Dillər Universitetində (ADU) “CLS Turkish” proqramının təqdimat mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova proqram haqqında qısa məlumat verib. Qeyd olunub ki, “CLS Turkish” proqramı çərçivəsində 28 amerikalı tələbə türk dilini öyrənəcək və proqram avqustun 14-dək davam edəcək.
Tədbirdə universitetin rektoru, akademik Kamal Abdulla ümid etdiyini bildirib ki, qarşıdakı iki ayda iştirakçılar təkcə Türkiyə deyil, Azərbaycan haqqında da müəyyən təsəvvürə malik olacaqlar. Proqramın açılışının Azərbaycanda əlamətdar bir tarixə - Milli Qurtuluş Gününə təsadüf etdiyini deyən rektor bu günün tarixi barədə ətraflı məlumat verib.
K.Abdulla proqram iştirakçılarının iki ay müddətində Azərbaycanla tanışlığının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “İnanıram ki, iki ay müddətində Azərbaycanla tanışlığınız türk dünyası ilə bağlı öyrəndiklərinizin çox gözəl didaktik fonuna çevriləcək. Bəlkə də, gələcəkdə sizdə Türkiyə ilə yanaşı, Azərbaycanı da öyrənmək həvəsi yaranacaq. Bəlkə də, gələcək səfərlərdə biz sizi Azərbaycanı öyrənən amerikalılar kimi görəcəyik. İstərdik ki, siz Amerikada Azərbaycanın dostlarına çevriləsiniz”.
Daha sonra Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip proqram iştirakçılarına uğurlar arzulayıb.
Prorektor J.Qəribova və proqramın ADU üzrə əlaqələndiricisi Ramiqə Şirəliyeva “Azərbaycan və Azərbaycan mədəniyyəti” mövzusunda təqdimatla çıxış ediblər.