ELM VƏ TƏHSİL
Kamal Abdulla: Ölkəmizdə müxtəlifliklərin harmonik birləşməsini təmin edə bilmişik
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin Latviyanı təmsil edən üzvü Reinis Aboltinsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, rektor qonaqların Azərbaycanda keçirdikləri günlərin səmərəli olduğuna inandığını söyləyib. Azərbaycanın multikultural ölkə qeyd edən K.Abdulla deyib: “Bir azərbaycanlı kimi fəxr edirik ki, ölkəmizdə müxtəlifliklərin harmonik birləşməsini təmin edə bilmişik”.
Azərbaycanda multikulturalizmin tarixi köklərindən danışan rektor multikultural münasibətləri burada yaşayan xalqların daxili mahiyyətindən doğan nəticə kimi xarakterizə edib. Qonaqlara “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edən akademik bildirib: “Bu kitab sübut edir ki, Azərbaycanda tarixən multikultural dünyagörüşü, multikultural ruh mövcud olub”.
Universitetdə görülən işlər barədə ətraflı söz açan rektor burada qafqazşünaslıq kafedrasının yaradıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, əgər kimsə sabah Qafqaz dillərindən hansınısa öyrənməyi qarşısına məqsəd qoyarsa, ona heç bir maneə yaradılmayacaq. K.Abdulla deyib ki, biz öz missiyamızı dünyanın müxtəlif dillərini öyrənməkdə görürük. Azərbaycan universitetləri dünya dillərinin panoramını əks etdirməlidir.
Sloveniya ilə bağlı Məsləhət Komitəsinin üzvü Petra Roterin “Milli azlıqlara məxsus olan şəxslər öz problemləri ilə bağlı kimə müraciət edirlər?” sualına K.Abdulla belə cavab verib: “Azərbaycan dövlətinə. Azərbaycan dövləti çoxluq və ya azlıqların dövləti deyil, bütün Azərbaycan vətəndaşlarının dövlətidir”.
P.Roter nümayəndə heyətinin missiyası ilə bağlı məlumat verib. O, K.Abdullanın multikulturalizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti ilə maraqlanıb. Azərbaycanda gördükləri işlər haqqında danışan qonaq ölkəmizdəki bir çox qarışıq ailələrdə yaşayanların öz etnik kimliklərini qoruyub saxlaya bildiklərini xüsusi vurğulayıb.
R.Aboltnis isə Qafqazşünaslıq istiqamətində görülən işlərlə maraqlanıb və çoxqatlı identifikasiya ilə bağlı statistik göstəricilər hazırlanarkən müvafiq qurumların ADU-nun köməyindən istifadəsini təklif edib. K.Abdulla bildirib ki, bu təklif nəzərə alına bilər.
Avstriya ilə bağlı Məsləhət Komitəsinin üzvü Brigitta Buş isə daha çox dilçilik məsələləri ilə maraqlanıb və Azərbaycanın milli azlıqların öz spesifikliyini qoruyub saxlamaqla bağlı nailiyyətlərindən söz açıb. O, əlavə edib ki, bu spesifikliyin qorunub saxlanılması böyük əhəmiyyət daşıyır.
Sonda K.Abdulla B.Buşu ADU-da dilçiliklə bağlı mühazirə oxumağa dəvət edib.