SİYASƏT
Kamal Cəfərov: Avropa Şurası qlobal ərzaq və təhlükəsizlik böhranlarından çıxış yolları haqqında düşünməlidir VİDEO
Paris, 21 iyun, AZƏRTAC
Milli Məclisin deputatı Kamal Cəfərov AŞPA-nın yaz sessiyası çərçivəsində “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzəsinin müzakirələri zamanı çıxış edib. Bildirib ki, hesabatın kifayət qədər əhatəli olmamasından çox məyus olub. Təhlükəsizlik müdafiədən daha geniş anlayışdır və bu, Avropa Şurasının mandatına daxil deyil. AŞPA sessiyasında fasilələr zamanı deputatlar enerji qiymətlərinin qalxması, ərzaq məhsullarının qiymətlərinin artması və bu hesabatda ümumiyyətlə qeyd olunmayan inflyasiya ilə bağlı müzakirələr aparırlar: “Bilməliyik ki, bu gün gözlənilməz nəticələrlə üzləşən dünya artıq fərqlidir. Qlobal ərzaq və enerji təhlükəsizliyini müəyyən etmək və həll etmək üçün yeni yanaşmalara ehtiyac var. Müxtəlif fikirlər arasında ziddiyyətləri açıq formada müzakirə etmək və məruzəyə daxil etmək lazımdır”.
Azərbaycanlı deputat məruzədən irəli gələn bəzi məqamlarla bağlı suallar doğduğunu deyib. Kamal Cəfərov “Avropa Şurası qlobal ərzaq və enerji təhlükəsizliyinin həllində öz rolunu necə görür?” sualını irəli sürərək bu haqda düşünməyin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı qeyd edib ki, nəzarətdən kənar böhran təhdidi qarşısında insanlar təbii, hətta siyasi instinktivlə özünə qapanır. Belə böhran təhdidləri bir çox ölkələrin qloballaşmadan, beynəlxalq əməkdaşlıqdan uzaqlaşmasını sürətləndirə bilər.
Diqqətə çatdırıb ki, “The Economist” jurnalı məlumatına görə Hindistan ixracı dayandırdığını elan etdikdən sonra buğdanın qiyməti 6 faiz artıb. Qlobal ərzaq böhranı açıq şəkildə göstərir ki, dünya problemlərinin səbəbləri kimi həll yolları da bir-biri ilə sıx bağlıdır. Böhrandan çıxmaq üçün beynəlxalq koordinasiya və əməkdaşlıq tələb olunur.
K.Cəfərov, həmçinin qeyd edib ki, Avropa Şurasının qlobal ərzaq və təhlükəsizliyin həlli üçün beynəlxalq əməkdaşlığa necə kömək edə bilməsi haqqında da düşünməlidir.
Yekunda vurğulayıb ki, qlobal ərzaq və təhlükəsizlik böhranı ilə bağlı təcili müzakirələr aparılmalı, yeni və hərtərəfli məruzə hazırlanmalıdır. AŞPA ən qısa zamanda bununla bağlı mövqeyini bildirməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris