SİYASƏT
Kamal Cəfərov: Şəffaflıq və hesabatlılıq bütün parlamentlərin təməl daşıdır
Strasburq, 28 sentyabr, AZƏRTAC
Şəffaflıq və hesabatlılıq təkcə bu demokratik qurumun deyil, bütün ölkələrin parlamentlərinin təməl daşıdır. Korrupsiya ilə mübarizə təkcə qanunun aliliyinin təməl daşı kimi yox, əsl demokratiyanın əsas komponenti olaraq qalır. Çünki korrupsiya anlayışı seçici fəallığı və demokratik institutların etibarlılığına mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov Avropa mühafizəkarlar və demokratik alyans qrupu adından Komitə iclasında “Parlament Assambleyası üzvlərinin parlament toxunulmazlıqlarının əhatə dairəsinə dair təlimatlar”la bağlı mövzunun müzakirəsində söyləyib.
“Parlamentlər bütün səviyyələrdə ictimai həyatda bütövlüyü və şəffaflığı həmişə təşviq etməli, GRECO və MONEYVAL ilə hərtərəfli əməkdaşlığı təmin etməli, tövsiyələrini gecikmədən həyata keçirməlidir. GRECO-nun nəticələrinə görə, 42 üzv dövlət deputatlara münasibətdə korrupsiyanın qarşısının alınması ilə bağlı tövsiyələrin 70 faizini qismən və ya tam yerinə yetirdiyini elan etmək məmnunluq doğurur. Bu, həmin ölkələrdə deputatlara münasibətdə korrupsiyanın qarşısının alınmasında möhkəm institusional və hüquqi bazanın mövcudluğunu göstərir”, - deyə deputat K. Cəfərov diqqətə çatdırıb.
Bildirib ki, yeni siyasi risklər fonunda, təşkilat və üzvlər üçün səmərəli qorunma mexanizminin olması vacibdir. İkiqat toxunulmazlıq rejiminin fərqli vəziyyətlərdə güclü və zəif tərəfləri var. Çünki bəzi ölkələr deputatlar üçün daha geniş, digərləri isə məhdud müdafiə təmin edir. Bu mövzunun özünəməxsus əhəmiyyəti onun daxili təcrübələri nəzərə alaraq vahid yanaşmanı vurğulamasıdır. Müzakirə olunan təlimat qaydaları yeni hüquqlar və imtiyazlar yaratmasa da, hesabat mövcud qaydaları aydın şəkildə işıqlandırır və deputatların parlament toxunulmazlığının əhatə dairəsinə dair meyarları təyin edir.
Hesab edirəm ki, hesabat parlamentarilərə onların imtiyaz və toxunulmazlıqları haqqında daha ətraflı məlumat almaq imkanı yaradacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq