REGİONLAR


Kamal Təhməzov: Milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir

Bakı, 13 iyun, AZƏRTAC

1993-cü il iyunun 15-i Azərbaycanın tarixində ən əlamətdar günlərdən biridir. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın dahi rəhbəri Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanıb, əmin-amanlığa və siyasi sabitliyə nail olunub.

Bunu Masallı rayon Xırmandalı kənd Xıdır Məmmədov adına tam orta məktəbin direktoru Kamal Təhməzov AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, xalqın istəyi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitlik bərpa edildi, tənəzzülün qarşısı alınaraq dövlətçiliyimiz qorundu, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin olundu. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi. Bu müraciətləri nəzərə alan dahi rəhbər 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. Bu qayıdış xalqın istəyi idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirən Ümummilli Lider bununla xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu.

Kamal Təhməzov qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının təməlində dayanaraq gələcək inkişafın əsasını qoyub. Azərbaycanın sürətli inkişaf dövrü məhz Milli Qurtuluş Günü ilə başladı. Bir sözlə, Ümummilli Lider Azərbaycanı dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxardı. Bu gün, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır.

“Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu” -, deyə K.Təhməzov bildirib.

“Dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı qiymətli tövsiyə və tapşırıqları da bütün zamanlar üçün dəyərini saxlayan əsl fəaliyyət proqramıdır” - deyən direktor vurğulayıb ki, ulu öndər Heydər Əliyevin milli təhsil və tərbiyə məsələlərinə dair nəzəri konsepsiyası son dərəcə qiymətli olub, çağdaş dövrdə də, gələcək yüz illərdə də öz dəyərini, əhəmiyyətini saxlamaq gücünə malikdir. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən ulu öndər Heydər Əliyev elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi. Ölkəyə rəhbərliyinin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli Lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.

Kamal Təhməzov deyib: “Təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdi. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci hakimiyyət illərində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək kifayətdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, Ulu Öndər bu sahələrə xüsusi həssaslıqla yanaşıb və daim qayğı göstərib. Respublikamızda ümumi orta, texniki peşə, orta ixtisas və ali təhsilin əsaslı yüksəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.