İQTİSADİYYAT
Kameral vergi yoxlaması nə zaman aparıla bilməz?
Bakı, 18 aprel, AZƏRTAC
Mənfəət vergisi üzrə bəyannamə təqdim edildikdən neçə gün sonra vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilə bilməz?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, kameral vergi yoxlaması vergiödəyicisi tərəfindən Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir.
Eyni zamanda, xaricdən əldə edilən gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda, kameral vergi yoxlaması Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilmiş dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində aparılır.
Bu müddətlər başa çatdıqdan sonra həmin bəyannamə və ya xaricdən əldə olunan məlumatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.