İQTİSADİYYAT
Kameral vergi yoxlaması zamanı aşkarlanan uyğunsuzluqlar necə aradan qaldırılır?
Bakı, 9 mart, AZƏRTAC
Kameral vergi yoxlaması zamanı uyğunsuzluqlar aşkara çıxarıldıqda bir sıra prosedurlara əməl etmək zərurəti yaranır.
AZƏRTAC xəbər verir ki, mövzunu şərh edən iqtisadçı Anar Bayramovun sözlərinə görə, vergi orqanı kameral vergi yoxlaması zamanı bəyannamədə vergi məbləğinin az göstərilməsini aşkar etdikdə, vergiödəyicisinə vergi orqanının müvafiq qərarını göndərməlidir.
İqtisadçı qeyd edib ki, vergi orqanı bəyannamədə, hesabatda və ya arayışda uyğunsuzluq (risk) aşkar etdikdə növbəti iş günündən gec olmayaraq "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" hazırlanır və zəruri olan sənədlərin təqdim edilməsini tələb edir. Bu məktubun göndərilməsində məqsəd vergiödəyicisini təqdim olunmuş bəyannamədə, hesabatda və ya arayışda müəyyən səbəbdən kameral yoxlamanın aparılmasının mümkün olmadığı haqqında məlumatlandırmaqdır. Vergiödəyicisi kameral vergi yoxlaması zamanı yaranan əlavə vergi hesablanması ilə bağlı hər hansı münasibət bildirmədikdə, vergi orqanı vergi borcunun ödənilməsi üçün sərəncam göndərir və ya vergiödəyicisinin müvafiq borc üzrə artıq ödəməsi varsa, onu azaldır. Kameral vergi yoxlaması zamanı hesablanan əlavə vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə uyğun olaraq 50 faizlik maliyyə sanksiyası tətbiq edilmir.