İQTİSADİYYAT


Kameral vergi yoxlamasının müddətləri artırılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də kameral vergi yoxlamasının müddətləri ilə bağlıdır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, kameral vergi yoxlaması vergiödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.

Kameral yoxlama aparmaq üçün vergiödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergiödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir.

Həmin müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Yəni mənfəət və gəlir vergisi üzrə təqdim edilmiş hesabatlar üçün 60 iş günü, digər bəyannamələr, həmçinin cari vergi ödəmələri haqqında arayış (arayışlar üçün də kameral yoxlama aparılacaq) üçün 30 iş günü kameral vergi yoxlamasının müddəti müəyyən edilib. Bu, o deməkdir ki, vergiödəyicisindən təsdiqedici sənədlərin tələb edilməsi, dürüst, müfəssəl yoxlama aparılması üçün vergi orqanının daha çox vaxtı olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.