MƏDƏNİYYƏT


“Kamilliyə aparan yol” kulturoloji ustad dərsi təşkil olunub

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Mədəniyyət Assosiasiyası və “Simurq” Kulturologiya Mərkəzi tərəfindən “Kulturologiya və dayanaqlı inkişaf” layihəsi çərçivəsində Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində “Kamilliyə aparan yol” kulturoloji ustad dərsi keçirilib.

AZƏRTAC xəbər verir ki, dərsin məqsədi mütəxəssislər və gənclərin sistemli kulturoloji təfəkkürü və intellektual yaradıcı fəaliyyətlərinin inkişafına, yeni universal biliklərin, kulturoloji metodologiya, tədqiqat, tədris və idarəçilik metodlarının mənimsənməsinə kömək göstərməkdən ibarətdir.

Ustad dərsində Fırat Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbələri, habelə bu ali məktəbdə təhsil alan gənclər iştirak edib.

Qeyd edək ki, Türkiyə hökumətinin dəstəyi ilə fakültədə ölkəmizdən 150 tələbə təhsil alır. Ustad dərsi rəqabətə dözümlü insan kapitalı və yüksək mədəniyyətli insan cəmiyyətinin formalaşması və inkişafı, əhalinin sosial aktivliyinin, peşəkar insan fəaliyyətinin bütün sahələrində əmək mədəniyyəti və məhsuldarlığının artırılması üçün mühüm praktiki əhəmiyyət kəsb edir.

Ustad dərsi çərçivəsində hazırlanmış təqdimat, mədəniyyət və kulturologiya, etika və psixologiya, təfəkkür və davranış, əmək və idarəetmə mədəniyyəti anlayışlarını açıqlayan, şəxsiyyətin kamilləşmə, düzgün qərar qəbuletmə, nəticəli dialoq aparmağa və zamanın çağırışlarına ağıllı cavab vermək qabiliyyətini formalaşdıran 60-dan artıq slaydlardan ibarətdir. Özünüidarə dərsi universal biliklər və təcrübə, xeyirxahlıqlar və müdriklik, səmərəli əmək texnologiyaları, düzgün tərbiyə, layiqli davranış, yüksək təşkiletmə və idarəetmə, insan və beynəlxalq münasibətlər mədəniyyəti ilə şərtlənən uğurlu həyat və fəaliyyətin sirlərini açıqlayır.

Dərsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, Mədəniyyət Assosiasiyasının və “Simurq” Kulturologiya mərkəzinin rəhbəri Fuad Məmmədov keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.