SİYASƏT
Kamran Əliyev: Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb. Bu günədək 19 mülki şəxs həlak olub. Təəssüf doğurucu hal ondan ibarətdir ki, həlak olan şəxslər arasında qadınlar və uşaqlar da var. Üç qadın və iki azyaşlı uşaq Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 3-də təşkil olunan brifinqdə məlumat verib.
Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərmi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi sakini Qurbanov Elbrus İsa oğlu və ailəsinin dörd üzvü – anası, həyat yoldaşı və övladları həlak olub. Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.
Kamran Əliyev diqqətə çatdırıb ki, bu müddət ərzində dinc əhaliyə qarşı törədilən cinayətlərlə bağlı başlanan 12 cinayət işinin 1-i Goranboy, 5-i Tərtər, 3-ü Ağdam, 2-si Füzuli, 1-i isə Cəbrayıl rayonu üzrə başlanıb.