SİYASƏT


Kamran Bayramov: Xüsusi nümayəndələr institutu ölkəmizin regional siyasətində yeni idarəetmə modelinin formalaşmasına xidmət edəcək

Bakı, 21 yanvar, AZƏRTAC

İşğal altında 30 ilə yaxın müddət ərzində olmuş və müzəffər Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmiş torpaqlarımız erməni separatçıları və terrorçuları tərəfindən xarabalığa çevrilib, dövlətimizə və xalqımıza məxsus olan tarixi, dini və mədəni abidələr məhv edilib, təbii sərvətlər talanıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Regional məsələlər Komitəsinin üzvü Kamran Bayramov deyib.

Deputat bildirib ki, fərqli xüsusiyyətləri olan bu ərazilərdə, təbii ki, işğal səbəbindən heç bir idarəetmədən söz gedə bilməzdi. Hazırda da həmin ərazilərin əksər hissəsi bərbad vəziyyətdədir, orada bərpa, abadlıq-quruculuq işləri aparılmalıdır, torpaqlara qayıdacaq soydaşlarımızın həyati tələblərinə cavab verən müvafiq infrastruktur yenidən qurulmalıdır.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərin xüsusi vəziyyəti həmin ərazilərdə fərqli və yeni idarəetmə sisteminin təşkilini tələb edir. Ərazilərdə layiqli və səmərəli regional siyasətin həyata keçirilməsi, həmin ərazilərin planlaşdırılması, ümumiyyətlə Qarabağ bölgəsinin sürətli inkişafının təmin edilməsi üçün dayanıqlı və təkmil idarəetmə sistemi və mexanizmləri qurulmalıdır. Bu baxımdan Prezidentin xüsusi nümayəndələr institutunun təsis olunması haqqında yanvarın 19-da imzaladığı Fərman müstəsna əhəmiyyət kəsb edir.

Fərmana əsasən xüsusi nümayəndələrin əsas vəzifələrinə işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu sahədə dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması daxildir.

Ölkəmiz üçün yeni bir institut olan xüsusi nümayəndələrin isə Prezidentə birbaşa tabeçiliyi, onu həmin ərazilərdə təmsil etməsi ölkəmizin regional siyasətində yeni idarəetmə modelinin formalaşmasına, bu qurumların səmərəli və faydalı olacağına xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.