CƏMİYYƏT


Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir VİDEO

Bakı, 20 aprel, K.Əliyeva, P.İmanova, AZƏRTAC

Aprelin 20-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov ənənəvi tədbirin mahiyyətındən, hər il aktual bir mövzuya həsr olunmasından danışıb. Bildirilib ki, Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə keçirilən bu konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.

K.İmanov vurğulayıb ki, ölkəmizdə həyat sürətlə dəyişir, Azərbaycan yeniləşir və qüdrətlənir. Bunun kökündə innovativ, yeniliklərlə və islahatlarla zəngin, insanlara xidmət edən dövlət siyasəti durur. Ulu Öndərin uzaqgörənliyinin izləri, gələcəyimizə yol açan fikir və düşüncələri bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilib.

Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, onların üzərində qələbəsini tanıyır. Bu qələbəni bu gün Azərbaycanın nüfuzunun artmasında, dövlətimizin başçısı İlham Əliyevin son 15 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində, xalqımızın Prezidentə olan dərin ehtiram və sevgisində görürük. Rəhbər şəxsə bu münasibəti “İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur” kəlamı ilə ifadə etmək mümkündür.

Bildirilib ki, xalqımız bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşır. Ötən il Respublika Gününü qeyd edərkən Prezident İlham Əliyev çıxışında demişdi: “...Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi...

...Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır...

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi!”

Tədbirdə K.İmanovun “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra alim və mütəxəssislər mövzuya dair məruzələrlə çıxış edib, müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.