DÜNYA
Kanada aşağı orbitli peyklərin inşasına 76 milyon dollar ayırıb
Bakı, 24 iyul, AZƏRTAC
Kanada hökuməti qarşıdakı beş ildə aşağı orbitli peyklərin inşasına 76 milyon dollar ayırıb. AZƏRTAC CBC telekanalının saytına istinadla xəbər verir ki, bu peyklər vasitəsilə ölkənin ucqar rayonlarında və dünyanın digər ölkələrində yüksəksürətli internetin təmin edilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, hökumətin bu həftə elan edilmiş qərarında müvafiq tenderin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Kanadanın aparıcı telekommunikasiya şirkəti olan Telesat layihənin iştirakçılarından biri olacaq. Peyklərin Yerin səthindən 1 min kilometr yuxarıda yerləşdirilməsi planlaşdırılır.
Ötən ay ABŞ-ın SpaceX şirkətinin “Falcon-9” raketdaşıyıcısı Kanadanın RADARSAT Constellation adlı üç peykini Yerətrafı orbitə çatdırıb. Bu aparatlar 2007-ci ildən orbitdə olan köhnəlmiş RADARSAT-2 analoji peyk sistemini əvəz edəcək. Yeni layihənin ümumi dəyəri 890 milyon dollardır. Kanada Kosmik Agentliyindən bildiriblər ki, RADARSAT Constellation peykləri xüsusən Arktikadakı ekoloji sistemin vəziyyətini müşahidə edəcək, habelə bu regionda gəmilərin hərəkətini izləyəcək.