CƏMİYYƏT


Kanada mətbuatında Sara Xatun haqqında məqalə dərc olunub

Bakı, 20 may, AZƏRTAC

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Müsəlman Şərqinin ilk qadın diplomatı Sara Xatunun irsi” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, siyasi şərhçi Reyçel Avraham müəllifi olduğu məqalədə Sara Xatunu çoxlu sayda yəhudinin Avropadakı inkvizisiyanın təqibindən qurtularaq Osmanlı imperiyasına yerləşməsində əvəzsiz rol oynamış yəhudi qadın, nüfuzlu ictimai-siyasi xadim Dona Qrasiya Mendez Nasiyə bənzədərək, onu “azərbaycanlı Dona Qrasiya Mendez Nasi” adlandırıb.

Müəllif qadınların siyasi fəallığının müşahidə olunmadığı İntibah dövründə Dona Qrasiya Mendez Nasi və Sara Xatunu zəmanələrini qabaqlamış iki qadın kimi səciyyələndirərək, diplomatik fəaliyyətlə məşğul olmuş bu şəxslərin Osmanlı sultanları üzərində əhəmiyyətli təsirindən söz açıb.

Qeyd olunub ki, bacarıqlı diplomat kimi siyasi xarakterli daxili və xarici iftilafları həll etmək üçün mütəmadi şəkildə digər dövlətlərə göndərilən səfirliklərə rəhbərlik edən Sara Xatunun oğlu - Azərbaycan Ağqoyunlu dövlətinin qüdrətli hökmdarı Uzun Həsənin dövründə böyük siyasi nüfuz əldə edib. Qərbdə mahir diplomat və dövlət xadimi kimi tanınan Sara Xatunun oğlu üzərindəki təsirindən xarici səfirlər mütəmadi olaraq yararlanmağa cəhd göstəriblər. Məqalədə buna misal olaraq qeyd olunub ki, Venesiya Respublikasının Senatı Sara Xatunun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Bu mənada Venesiyadan Azərbaycana göndərilən demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilib, ondan bəhs olunub. Sara Xatunun Osmanlı sultanı II Mehmed Fateh ilə danışıqları xüsusilə uğurlu alınıb, mənbələrin məlumatına görə, diplomatik danışıqlar zamanı Ağqoyunlu hökmdarının anası və Osmanlı sultanı bir-birinə "ana", "oğul" deyə müraciət edirmişlər.

Məqalədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin Sara Xatun haqqında fikirləri də yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.