CƏMİYYƏT


Kanada mətbuatında Zəfər Qurultayından bəhs edilib

Bakı, 12 may, AZƏRTAC

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Dünya azərbaycanlıları Şuşada böyük qələbəni qeyd edirlər” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu və dünya azərbaycanlılarının Şuşa qurultayından bəhs edən məqalədə işğalçı Ermənistan üzərində tarixi qələbədən sonra ilk dəfə olaraq dünyanın hər yerindən azərbaycanlıların sözügedən qələbəni qeyd etmək məqsədilə bir araya gəldiyi və həmin səbəbdən toplantının Zəfər qurultayı adlandırıldığı bildirilib. Məqalədə qurultayda Azərbaycan diasporunun Qarabağın bərpasına verə biləcəyi töhfələr ilə bağlı müzakirələrin aparıldığı, habelə TÜRKSOY kimi tanınan beynəlxalq türk mədəniyyəti təşkilatının bu yaxınlarda Şuşanı 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan etdiyi barədə məlumatlar yer alıb.

Qeyd edilib ki, tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub, Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.

Azərbaycan diasporunun fəal nümayəndələrinin fikirlərinin də yer aldığı məqalədə vurğulanıb ki, 30 il müddətində münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticə verməyib və münaqişənin həlli prosesində əksər hallarda ikili standartlara məruz qalmış Azərbaycan Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin etməklə beynəlxalq hüquq normalarının yerinə yetirilməsinə nail olub.

Diqqətə çatdırılıb ki, işğal edilmiş ərazilərində heç bir quruculuq işi görməyən təcavüzkar Ermənistanın burada Azərbaycan irsinə münasibətdə fəaliyyəti isə dağıdıcı xarakter daşıyıb. Yaşayış binalarını və məscidləri yerlə-yeksan edən erməni vandalları məzarlarda cəsədlərin qızıl dişlərini çıxarmaqdan belə çəkinməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.