CƏMİYYƏT
Kanadada Azərbaycan dilində yayımlanan yeganə telekanal fəaliyyətini genişləndirmək niyyətindədir VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Kanadanın yerli “Omni Television” kanalında Azərbaycan dilində “EL TV təqdim edir” (“EL TV Presents”) proqramı yayımlanır.
AZƏRTAC xəbər verir ki, ötən ilin sentyabrından doğma dilimizdə yayınlanmağa başlayan bu proqrama Kanadada yaşayan həmvətənimiz, tanınmış rejissor Elçin Muxtarov rəhbərlik edir. O deyir ki, OMNİ TV-də Kanadadakı bir çox millətlərin dilində verilişlər yayımlanır. Proqramın 30 dəqiqə olmaqla bir neçə aydır yayınlanmağına baxmayaraq, bu ölkədə yaşayan həmvətənlərimiz arasında əlaqələndirici rolunu yaratmağa az da olsa nail ola bilib.
“Rəsmi statistikaya görə, Kanadada 250 min azərbaycanlı yaşayır. Onların böyük qismi İrandan gələnlərdir, qalanları isə dünyanın müxtəlif ölkələrindən və Azərbaycandandır. Onların arasında elm adamları, təhsil, səhiyyə və müxtəlif peşə sahibləri, iş adamları da var. Bizim, ilk növbədə, məqsədimiz diaspora nümayəndələrimizi bir–birinə tanıtmaq, onlar arasında əlaqələr yaratmaqdır. Həmçinin burada yaşayan yeni nəsil azərbaycanlılara dilimizi öyrətmək, mədəniyyətimizi, incəsənətimizi, tariximizi, milli mətbəximizi təbliğ etməkdir”, - deyə Elçin Muxtarov bildirib.
EL TV, eyni zamanda, diasporun müxtəlif tədbirlərinin çəkilişini, məlumatların Kanada və Azərbaycan mətbuatına yayımını həyata keçirir. Televiziya bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir.