DÜNYA
Kanadada vergidən yayınmaya qarşı yeni tədbirlər görüləcək
Bakı, 11 iyul, AZƏRTAC
Kanada hökuməti vergi ödəməkdən yayınma ilə mübarizə məqsədilə gəlir vergisinin tutulmasının ilkin qaydalarını yenidən nəzərdən keçirəcək.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, Kanadanın Gəlirlər Agentliyinin transmilli şirkətlər və iri müəssisələr üçün gəlirlər üzrə audit prosesini təkmilləşdirməsi 13 milyard ABŞ dollarından artıq əlavə vəsaitin büdcəyə cəlb edilməsinə şərait yaradacaq.
Hökumətin əsas məqsədi elə bir ədalətli vergi sistemi yaratmağa nail olmaqdır ki, öz gəlirlərini gizlədərək dövləti aldatmaq istəyənlər daha gizlənə bilməsinlər və əməllərinə görə cavab versinlər.
“Panama sənədləri” ictimaiyyətə açıqlandıqdan sonra hökumətin belə bir qərar qəbul etməsi təsadüfi sayıla bilməz. Həmin sənədlərdə Kanadanın iri müəssisələrinin, eləcə də yüksək vəzifəli dövlət rəsmilərinin vergidən yayındıqlarını təsdiq edən məlumatlar ortaya çıxmışdı.