CƏMİYYƏT


Kanadada yaşayan azərbaycanlılar "Cronimet" şirkətinə etiraz bəyanatı göndəriblər

Bakı, 13 iyul, AZƏRTAC

Kanadanın müxtəlif əyalətlərindən diaspor təşkilatlarının rəhbərləri Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirilməsinə etiraz olaraq "Cronimet" şirkətinə etiraz bəyanatı göndəriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, diaspor təşkilatları "Cronimet" şirkətini ekoloji cinayətə göz yummamağa, ətraf mühitin mühafizəsi baxımından Oxçuçaydakı ekoloji terrorun qarşısının alınması üçün tədbirlər görməyə çağırıblar.

Bəyanatda Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyi vurğulanıb və səhmlərinin böyük hissəsi Almaniyanın "Cronimet" şirkətinə məxsus olan Ermənistanın mis-molibden kombinatının istehsalat tullantılarını ilkin təmizləmə işləri aparılmadan birbaşa çaya buraxmasına və ekoloji standartlara riayət edilməməsinə diqqət cəlb edilib. Bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarında aparılan monitorinqlər zamanı Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən Oxçuçayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox yüksək olduğu aşkar edilib. Suyun tərkibindəki ağır metalların miqdarı yalnız faunanı məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Bu çayın töküldüyü Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılmasında önəmli rol oynadığı və Ermənistanın dövlət agentliklərinin də sözügedən ekoloji cinayəti etiraf etdikləri nəzərə çatdırılıb.

Bəyanat "Monreal Kanada-Azərbaycan Cəmiyyəti”nin rəhbəri Rəna Müslümova və Ottavadakı "Qarabağ" Azərbaycan dili məktəbinin həmtəsisçisi və baş təlimatçısı Vüsalə Əhmədova tərəfindən imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.