SİYASƏT


Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüblər

Bakı, 28 noyabr, AZƏRTAC

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn ilə görüşüblər. Videokonfrans formatında keçirilən görüş Kanadalı Azərbaycanlılar Şəbəkəsinin təşəbbüsü ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə məlumatları xarici işlər nazirinə çatdırmaq olub. Görüş zamanı bildirilib ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın münaqişəyə dair mövqeyini yaxından izləyir. Kanada vətəndaşları olaraq bu ölkənin siyasətinin formalaşmasında azərbaycanlıların da fikirlərinin eşidilməsi Kanadanın xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edir.

Nazir Fransua-Filip Şampeyn məlumatları dinləyib, baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandırıb. O, müharibə başlayan ilk gündən etibarən hərbi əməliyyatların dayandırılması üçün səy göstərdiyini bildirib. Nazir, eyni zamanda, kanadalı azərbaycanlıların sözügedən münaqişə barədə fikirlərinə hörmətlə yanaşdığını və bu görüşün onun üçün məlumat əldə etmək baxımından çox faydalı olduğunu deyib.

Görüşdə Kanadalı Azərbaycanlılar Şəbəkəsinin Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montreal-dan olan üzvləri iştirak ediblər. Görüş iştirakçıları arasında şəbəkənin işğaldan azad edilmiş Füzuli və Şuşadan olan üzvlərinin olması da nazirin diqqətinə çatdırılıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilib.

Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olub və intensiv görüşlər keçirib.

Şəbəkə Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.