CƏMİYYƏT
Kanadanın hakimiyyət orqanları Ontarioda koronavirusa yoluxma ehtimalı olan 21 halı araşdırırlar
Vaşinqton, 28 yanvar, AZƏRTAC
Torontoda koronavirusa ikinci yoluxma hadisəsindən sonra Ontarionun Səhiyyə Nazirliyinin nümayəndələri hazırda virusa yoluxma ehtimalı olan daha 21 nəfərə aid araşdırma aparırlar.
AZƏRTAC xəbər verir ki, əyalət administrasiyası nümayəndələri mətbuat konfransında hazırda həkimlərin nəzarəti altında 19 nəfərin olduğunu bəyan ediblər. Eyni zamanda, “National Post” qəzeti öz mənbələrinə istinadla bu rəqəmin 21-ə bərabər olduğunu bildiriblər.
Toronto İctimai Səhiyyə Agentliyinin əməkdaşları “China Southern Airlines” aviaşirkətinin “CZ311” reysi ilə yanvarın 22-də Quançjoudan Torontaya uçan sərnişinləri də axtarırlar. Daha əvvəl aşkarlanmışdı ki, koronavirusa yoluxan kanadalılardan biri bu reysin sərnişini olub. Ehtimal olunur ki, bu adamın həyat yoldaşı Torontoda koronavirusa ikinci yoluxma halı kimi təsdiqlənən pasiyentdir.
Virusa yoluxmanın təsdiqləndiyi 50 yaşlı kişi Torontodakı Sannibruk Tibb Mərkəzində karantindədir. Onun həyat yoldaşı isə həkimlərin məsləhəti ilə evə təcrid edilib. Onların vəziyyəti sabit dəyərləndirilir.
AZƏRTAC-ın Vaşinqton bürosu