İQTİSADİYYAT
Kanat Bozumbayev: Qazaxıstan neft hasilatının azaldılmasına dair sazişə əvvəlki şərtlərlə qoşula bilməyəcək
Bakı, 15 may, Nihad Budaqov, AZƏRTAC
Qazaxıstan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması qərarını dəstəkləyəcək.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. Nazir bildirib ki, hələ də bazarda tarazlıq yaranmayıb. Bunun üçün də neft hasilatının azaldılması təşəbbüsünü dəstəkləməliyik: “Ötən il Qazaxıstanın ixrac neftinin bir barrelinin qiyməti 30 dollar idisə, hazırda bu rəqəm 52 dollar/barrel təşkil edir. “Kaşaqan” yatağının istehsala başlanılması ilə əlaqədar olaraq Qazaxıstan neft hasilatının azaldılması üzrə sazişə əvvəlki şərtlərlə qoşula bilməyəcək. Bu məsələ OPEC-in toplantısında müzakirə ediləcək”.
Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.