İDMAN
Kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko birinci Avropa Oyunlarının finalına vəsiqə qazanıb
Mingəçevir, 15 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən avarçəkmə yarışlarında milli yığma komandamızın üzvü, kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko uğurla çıxış edərək finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançımız 200 metr məsafəni qətetmə yarışının ilkin mərhələsində 3-cü yürüşdə qüvvəsini sınayıb və 38,978 saniyə nəticə ilə birinci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finala vəsiqə qazanıb.
Digər təmsilçimiz İnna Radomska-Osipenko 200 metr məsafədə ilkin mərhələni uğurla adlayıb. Məsafəni 41,968 saniyə nəticə ilə qət edən avarçəkənimiz ikinci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna Radomska-Osipenko kinci yürüşdə çıxış edəcək.
Digər idmançımız Mirnazim Cavadov isə kayakla 200 metr məsafəni qətetmə yarışında çıxış edib. O, 36,298 saniyə nəticə ilə 7-ci olub. Bu nəticə ona yarımfinala adlamağa imkan verib. Mirnazim Cavadov saat 16:40-da başlayacaq yarımfinal yarışında qüvvəsini sınayacaq.