MƏDƏNİYYƏT
“Kapellhaus”da Korinna Belzin “Gerhard Rixterin rəngkarliği” filmi nümayiş olunacaq
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 18-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Korinna Belzin “Gerhard Rixterin rəngkarliği” filmi göstəriləcək. Filmdən öncə rəssam Sara Nil-Consun təqdimatı olacaq.
AZƏRTAC xəbər verir ki, tədbir “ALOV” mədəni tədbirlər və rəssam rezidensiyaları layihəsi çərçivəsində təşkil ediləcək.
Alman rəssamı Gerhard Rixter yarım əsrlik bir dövrün tarixi böhranlarına müraciət edərək, çoxsaylı texnika və ideyalar üzərində təcrübələr aparıb, eləcə də kütləvi mediada təqdimatlar edib. Lakin o, mediadan utandığından, 15 il ərzində birinci dəfə 2007-ci ildə Korinna Beltsin filmi zamanı kamera önünə keçməyə razılıq verib.
“Gerhard Rixterin rəngkarlığı” rəssamın tənqidçiləri, həmkarları və amerikalı qalereya işçisi Marian Qudman ilə olan səmimi söhbətlərindən və nadir arxiv materiallarından ibarət sənədli filmdir. Divar boyu sərgilənən perspektivdə tamaşaçılar 79 yaşlı yaradıcı rəssamın qalın fırçalar və böyük rezin silici alətlə parlaq rəngli boyaları üst-üstə çəkib-qaşıyaraq işlədiyi abstrakt kanvaları izləyəcəklər. Yüksək enerjili yaratma və dağıtma prosesini təsvir edən valehedici görüntülər Beltsin çəkdiyi bir rəssam portretini rəsm əsərinin özünə çevirir.
Film Gürcüstandakı Höte İnstitutunun film arxivi tərəfindən təmin edilib.
“ALOV” layihəsi çərçivəsində incəsənət üzrə təcrübəli peşəkarlar Əsmər Abdullayeva, Ann Baumann, Dadaş Məmmədov, Səbinə Şıxlinskaya və Sarah Nil-Cons Azərbaycan və dünyanın digər yerlərindən olan rəssamlar arasındakı intellektual dialoq və mübadiləni təbliğ etmək məqsədi ilə Azərbaycanda müstəqil rəssamlardan ibarət platforma yaratmaq üçün qüvvələrini birləşdirirlər. Bu qurum sərgilər, müzakirələr, təqdimatlar, film nümayişləri, rəssamların çıxışları, salon tədbirləri, rəssam rezidensiyaları və əməkdaşlığı kimi müxtəlif tədbirlər vasitəsi ilə sənətin inkişafı üçün imkan yaradır.