İQTİSADİYYAT
Kapital Bazarı üzrə Təlim Mərkəzi KİV nümayəndələri üçün seminar təşkil edir
Bakı, 26 sentyabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi oktyabrın 11-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Azərbaycan kapital bazarının prinsipləri və alətləri” mövzusunda seminar təşkil edəcək. Seminar “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilir.
Komitədən AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi KİV nümayəndələrini kapital bazarı alətlərinin istifadə prinsipləri ilə yaxından tanış etmək, Azərbaycan kapital bazarının xüsusiyyətləri barədə baza bilikləri formalaşdırmaq, həmçinin qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti barəsində ətraflı məlumat verməkdir. “Azərbaycanda kapital bazarı institutları və iştirakçıları”, “Kapital bazarları və alətləri ”, “Kapital bazarları üzərində nəzarət” mövzularının əhatə edəcək seminarın sonunda fəal iştirakı və yüksək maliyyə savadı ilə fərqlənən media nümayəndələrinə sertifikat təqdim olunacaq.
KİV nümayəndələri qeydiyyatdan keçmək üçün oktyabrın 3-dək [email protected] ünvanına məlumat göndərməlidir.