İQTİSADİYYAT
Kapital bazarının inkişafı üzrə görülən işlərə dair müzakirələr aparılıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətləri üçün “Bakı Fond Birjasında listinqlə bağlı yeniliklər, listinqin üstünlükləri və kapital bazarının inkişafı üzrə görülən işlər” mövzusunda videokonfrans keçirilib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, videokonfransın keçirilməsində məqsəd BFB-də listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır. BFB-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev Azərbaycanda biznes sektoru, eləcə də maliyyə bazarlarının dayanıqlı inkişafı üçün qiymətli kağızlar bazarının və listinqin önəmini vurğulayıb, listinqin üstünlükəri barədə konfrans iştirakçılarına məlumat verib.
Daha sonra Mərkəzi Bankın və BFB-nin ekspertləri tərəfindən 2020-ci ildə listinqin stimullaşdırılması və kapital bazarlarının inkişafı üçün həyata keçirilən layihələr, listinq məsləhət proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər və gələcəkdə bu bazarın inkişafı üçün görülməsi planlaşdırılan tədbirlər haqqında təqdimat formatında məlumat verilib. Qeyd edilib ki, fond birjasında listinqin təşviq edilməsi, şirkətlərin və investorların qiymətli kağız bazarına çıxışının asanlaşdırılması, eləcə də pandemiyanın özəl sektora mənfi təsirlərinin minimallaşdırılması məqsədilə stimullaşdırıcı tarif rejimi yaradılıb, istiqraz emissiyası üzrə tələblər yumşaldılıb. Fond birjasında listinq tələbləri beynəlxalq standartlara uyğunlaşdırılaraq qeyri-aktiv şirkətlər listinqdən kənarlaşdırılıb, eyni zamanda, kapital bazarı iştirakçılarına requlyativ tətillər və güzəştlər verilib.
İnteraktiv formatda təşkil edilən videokonfransda 20-dən artıq qurum iştirak edib, görüşün sonunda iştirakçıların kapital bazarları və listinq ilə bağlı sualları cavablandırılıb.
Listinqlə bağlı məlumat almaq üçün BFB-nin internet səhifəsində listinq bölməsinə daxil ola və ya “[email protected]” elektron ünvanına müraciət edə bilərsiniz.