İQTİSADİYYAT
Kapital bazarları institutlarının əməkdaşları üçün təlimlər keçirilir
Bakı, 8 avqust, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) dəstəyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası təşkilatçılığı ilə kapital bazarları institutlarının əməkdaşları üçün İstanbul Fond Birjasında (Borsa İstanbul) təlimlərə start verilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan kapital bazarlarını təmsil edən ilk nümayəndə heyəti avqustun 6-dan 9-dək İstanbul Fond Birjasında təşkil olunmuş təlimlərdə iştirak edir.
Təlimlər kapital bazarında çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub. Təlimlərdə Borsa İstanbulda törəmə maliyyə alətləri ilə ticarətin təşkili, pay bazarı və borc alətləri bazarında ticarət əməliyyatlarının aparılması, listinq, marketinq və satış, eləcədə Türkiyənin klirinq və hesablaşma evi olan "TakasBank"ın post ticarət əməliyyatları sahəsində təcrübəsi barədə təlimçilərə ətraflı məlumat veriləcək.
Eyni zamanda, təlimdə Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulmuş şirkətlərin də iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, bu, BFB tərəfindən təşkil olunan üçüncü təlimdir.