İQTİSADİYYAT
Karantin dövründə Avtomobil Nəqliyyatı Xidmətinin “qaynar xətti”nə 4168 müraciət daxil olub
Bakı, 30 iyul, AZƏRTAC
Karantin dövründə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) “qaynar xətti”nə 4168 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə DANX-ın cari il martın 24-dən iyulun 24-dək olan tarixlər üçün “Pandemiya dövründə avtomobil nəqliyyatı ilə daşımaların vəziyyəti və göstərilən xidmətlər” barədə apardığı monitorinqin nəticələrində deyilir.
Bildirilir ki, martın 4-dən başlayaraq DANX-ın (012) 566-52-58 “qaynar xətti” 7/24 rejimində fəaliyyət göstərir. Eyni zamanda, zəruri materialların operativ qaydada təqdim edilməsi məqsədilə “WhatsApp” xətti istifadəyə verilib. Martın 4-dən bu günə qədər “qaynar xətt” vasitəsilə ümumilikdə 4168 müraciət daxil olub. Müraciətlərin ən çox daxil olduğu vaxt Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərarların qəbul edildiyi tarixə təsadüf edir. Hazırda “qaynar xətt” vasitəsilə gün ərzində orta hesabla 25-30 müraciət daxil olur.