CƏMİYYƏT
Karantin günlərində qeyri-qanuni yollarla Lerikə istirahətə gələn şəxslər inzibati məsuliyyətə cəlb edilib
Bakı, 13 iyul, AZƏRTAC
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu rayon və şəhərlərdən qeyri-qanuni yollarla Lerik rayonuna istirahətə gələn şəxslər inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər aşkarlanaraq barələrində müvafiq tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazə olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn şəxslər müəyyənləşdirilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol yazılıb və cərimələr tətbiq olunub.
Bəzilərinin isə çalışdıqları idarə və müəssisələr tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Qarşıdakı vaxtlarda bu cür qayda pozuntularının təkrar aşkar olunacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.