CƏMİYYƏT
Karantin qaydalarına əməl olunmasını təmin etmək üçün polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də ki, koronavirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, infeksiyanın ölkə ərazisində yayılmasının, virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır. Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin olunmasının, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir. Paytaxtın müxtəlif nöqtələrində, eləcə də mərkəzdən kənar bölgələrdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı qarış-qarış işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını bu qorxunc virusdan qorumaq, eləcə də koronovirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdən yalnız sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etmək və şəxsi gigiyenamıza fikir vermək tələb olunur.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 06:00-dək uzadılıb.