CƏMİYYƏT
Karantin rejimi ilə əlaqədar Nizami rayonunun bir qrup sakininə ərzaq paylanıb
Bakı, 1 aprel, AZƏRTAC
Bakı şəhəri Nizami rayonundan Milli Məclisə deputat seçilən Könül Nurullayevanın təşəbbüsü ilə deputat qərargahında koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələlərin operativ şəkildə həll edilməsinə kömək göstərmək üçün işçi qrup yaradılıb.
Könül Nurullayeva AZƏRTAC-a bildirib ki, ötən dövr ərzində işçi qrupa daxil olan onlarla müraciətin təhlilinə görə, yaşı 65-dən yuxarı olan tənha yaşayan bəzi sakinlər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nizami rayon şöbəsində qeydiyyatda deyil və yaxud tamamilə tənha yaşayan ahıl insanlardır. Daxil olan müraciətlər onu deməyə əsas verir ki, rayonda ahıl insanlardan başqa, sosial yardıma ehtiyacı olan imkansız ailələr də var.
Deputat deyib: “İşçi qrupa daxil olan müraciətlər, o cümlədən DSMF-nin Nizami rayon şöbəsi ilə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş məlumatlar araşdırılıb və tərəfimizdən əsasən tənha yaşayan ahıl vətəndaşlarımız, eyni zamanda, sosial yardıma ehtiyacı olan son dərəcə imkansız ailələr, eləcə də karantin səbəbindən işə gedə bilməyən ailələr diqqətdə saxlanılıb. İşçi qrupun yığıncağında həqiqətən yardıma ehtiyacı olan ailələrin vəziyyəti müzakirə edilib və bir qrup sakinə ərzaq yardımının göstərilməsi qərara alınıb”.
K.Nurullayeva yardım aksiyasının karantin dövründə də həyata keçiriləcəyini diqqətə çatdırıb və bu təşəbbüsün həyata keçirilməsində könüllü qismində iştirak edən Nizami rayonunun sakinlərinə minnətdarlığını bildirib.