REGİONLAR
Karantin rejimində Qusara qanunsuz yollarla istirahətə gələn şəxslər cərimələnib VİDEO
Qusar, 8 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.
Xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.