REGİONLAR
Karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Şəkidə maarifləndirmə işləri həyata keçirilir
Şəki, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri polis əməkdaşları ilə birgə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə şəhərin küçə və prospektlərində, məhəllələrdə, qəsəbə və kəndlərdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar. Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsilə sakinlərə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı çağırışlar edilir. Bundan əlavə, xüsusi maarifləndirici materiallar, vərəqələr hazırlanaraq, çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına, istirahət parklarının ərazilərinə vurulur.
Eyni zamanda, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində yerləşən idarə və müəssisələrin inzibati binalarında, Şəki şəhərinin küçə və prospektlərində, parklarda, avtobus dayanacaqlarında, çoxmənzilli yaşayış binalarının giriş blokları, pilləkən və həyətlərində dezinfeksiya işləri də davam etdirilir.