REGİONLAR
Karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda açıq çempionat başa çatıb VİDEO
Naxçıvan, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikanın Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən açıq çempionat iki gün davam edib. Çempionatda 200-dən çox idmançı və 15 komanda mübarizə aparıb.
Yarışın final mərhələsinə start verilməmişdən əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra çıxış edən Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov muxtar respublikada keçirilən yarışların əhəmiyyətindən, bu yarışların idmanın inkişafındakı rolundan danışıb.
Azad Rəhimov bildirib ki, ölkəmizdə idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğı idmanın ən yüksək səviyyəyə çatmasına rəvac verib.
“Naxçıvan Muxtar Respublikasında da idman sahəsi gündən-günə inkişaf edir. Bu gün naxçıvanlı idmançılar beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında layiqincə təmsil olunurlar”, - deyən gənclər və idman naziri qeyd edib ki, bu gün muxtar respublikada çoxsaylı idman yarışları yüksək səviyyədə keçirilir. Karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika açıq çempionatı da idman ictimaiyyətinin diqqət mərkəzində saxladığı nüfuzlu idman yarışıdır. Nazir çıxışının sonunda çempionatda mübarizə aparacaq hər bir idmançıya uğurlar arzulayıb.
Daha sonra açıq çempionatın final mərhələsi başlayıb.
Əvvəlcə tatami üzərinə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri çıxıblar. Onların nümunəvi çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Reqlamentə əsasən, oğlanlar 6, qızlar isə 2 yaş qrupunda birincilik uğrunda mübarizə aparıblar. Oğlanların mübarizəsində Rəsul Yaqubov (6-7 yaş, Bakı), Məhəmməd Şıxəlili (8-9 yaş, Naxçıvan), Vüsal Seyidov (10-11 yaş, Naxçıvan), İmran Həsənov (12-13 yaş, Naxçıvan), Babək Qələmzadə (14-15 yaş, Bakı) və Mirpaşa Kərimzadə (16-17 yaş, Naxçıvan) bütün rəqiblərinə qalib gələrək, çempionatın qalibi olublar. Qızlar arasında isə Fatimə Vəliyeva (8-9 yaş, Bakı) və Səmra Sadiqova (10-11 yaş, Naxçıvan) həmyaşıdları arasında birinciliyi qazanıblar.
Sonra Naxçıvan Muxtar Respublikası açıq çempionatının qaliblərinə diplom və medallar təqdim edilib.
Komanda hesabında qalib olan “Naxçıvan” komandasına kuboku Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov təqdim edib.