REGİONLAR
Karate-do üzrə yoldaşlıq görüşündə 100-dək idmançı iştirak edib
Culfa, 23 oktyabr, AZƏRTAC
Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında oğlan və qızlardan ibarət “Culfa”, “Naxçıvan” və “Ordubad” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev və Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli yarışın qaydaları haqqında idmançılara məlumat verib, onlara uğurlar arzulayıblar.
Görüşdə 100-dək oğlan və qız idmançı iştirak edib. Səkkiz yaş qrupu üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib.
Yarışın nəticələrinə əsasən, oğlanlar arasında 8-9 yaş qrupunda Həbib Əhmədov (Culfa), 10-11 yaş qrupunda Məhəmməd Bağırov (Culfa), 12-13 yaş qrupunda Vüsal Seyidov (Naxçıvan), 14-15 yaş qrupunda İmran Həsənov (Naxçıvan), 16-17 yaş qrupunda Aslan İsmayılov (Naxçıvan), qızlar arasında isə 8-9 yaş qrupunda Özləm Hacıyeva (Naxçıvan), 10-11 yaş qrupunda Aminə Novruzzadə (Naxçıvan) və 12-13 yaş qrupunda Səmra Məmmədli (Naxçıvan) birinci yerlərə layiq görülüblər.
Komanda hesabında isə “Naxçıvan” qalib adını qazanıb. “Culfa” ikinci, “Ordubad” komandası üçüncü olub.
Sonda yer tutan idmançılara diplomlar təqdim edilib.