REGİONLAR
Karate üzrə Naxçıvan şəhər açıq birinciliyində 50 idmançı iştirak edib
Naxçıvan, 9 avqust, AZƏRTAC
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında karate üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb. Qız və oğlan idmançıların iştirak etdiyi birincilikdə Naxçıvan şəhəri, Babək, Şərur və Sədərək rayonları təmsil olunublar.
Naxçıvan Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil edilən yarışa 4 yaş qrupunda 7 çəki dərəcəsi üzrə ümumilikdə, 50 idmançı qatılıb.
Nəticələrə əsasən, paytaxt təmsilçiləri bütün kateqoriyalar üzrə qalib olublar. Belə ki, 6-7 yaş qrupunda Xəyyam Məmmədov (+20 kiloqram), 8-9 yaş qrupunda Ayxan Musayev (-30 kiloqram), Kənan Həsənli (+30 kiloqram), 10-11 yaş qrupunda Dəniz Binyətli (-35 kiloqram), Rafiq Hüseynli (+35 kiloqram), 12-13 yaş qrupunda isə Qafar Hüseynov (-40 kiloqram) və Aminə Novruzzadə (-50 kiloqram) bütün görüşləri qələbə ilə tamamlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sonda ilk üçlükdə qərarlaşan karateçilərə diplom təqdim edilib.