İDMAN
Karate üzrə uşaq, yeniyetmə və gənclər arasında şəhər birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə uşaq, yeniyetmə və gənclər arasında şəhər birinciliyi keçirilib.
AMKF-dən AZƏRTAC-a bildiriblər ki, Paralimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində şəhər Gənclər və İdman baş idarəsinin rəis əvəzi Mübariz Bəşirov, AMKF-nin prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və federasiyanın baş katibi Mirhəsən Seyidov çıxış edərək bildiriblər ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilib və bu sahə dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Natiqlər ölkəmizdə idmanın sürətli inkişafından danışaraq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü işlərin danışıb, uğurlu idman siyasətinin nəticəsində ölkəmizin bölgələrində möhtəşəm Olimpiya idman kompleksləri tikildiyini və müasir idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıblar.
AMKF tərəfindən Mübariz Bəşirov plaket, Rüfət Mahmudzadə isə üçüncü dan qara kəmər ustası sertifikatı ilə təltif olunub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə Nihad Məmmədzadə (kata), Aysun Şahbazova (30 kq), Nizami Məmmədzadə (30 kq), Elmir Zeynalov (35 kq), Ayxan Ağamirzəyev (40 kq), Səməd Salahlı (40 kq), Aysu Əliyeva (42 kq), Aslan Dostuyev (45 kq), Niman Nuriyev (45 kq), Nadir Məmmədov (45 kq-dan yuxarı), Bəylər Hacızadə (50 kq), Nicat Kərimli (52 kq), Ülviyyə Həsənova (53 kq), Rəvan İsmayılzadə (55 kq), Ayxan Bəkirli (55 kq), İbrahim Cəfərzadə (55 kq-dan yuxarı), Mansur Mirzəyev (57 kq), Elnar Mahmudov (61 kq), Nicat Əsədov (63 kq), Hacıəli Vəlizadə (70 kq) və Rza Rzazadə (76 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblərə fəxri fərman, medal və kubok təqdim olunub.