İDMAN
Karateçi Rafael Ağayev: Milli komandamızın Tokio Olimpiadasında geniş heyətdə təmsil olunmaq şansı böyükdür
Bakı, 18 mart, AZƏRTAC
“Baku Open” beynəlxalq karate turniri yüksək səviyyədə başa çatdı. Yarışlarda 14 ölkədən 1400-dən çox idmançı mübarizə aparırdı. Turnirdə Azərbaycan karateçiləri bütün yaş qruplarında yüksək nailiyyətlər əldə etdilər. Qazanılan nəticələr ölkəmizdə yeniyetmə və gənclərin idmanın bu növünə böyük marağının olduğunu göstərir.
Bu sözləri karate üzrə beşqat dünya çempionu Rafael Ağayev “Baku Open” turnirinin yekunları ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.
Ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsində atletlərimizin parlaq nailiyyətlər əldə etdiklərini vurğulayan R.Ağayev deyib: “Azərbaycanda idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Təsadüfi deyil ki, idman sahəsində əldə edilən nailiyyətlər getdikcə artır. Karate Azərbaycanda populyar idman növlərindən biridir. Dünya karate ustaları Azərbaycan idmançılarını ciddi rəqib kimi qəbul edirlər. Milli Karate Federasiyası yığmanın hərtərəfli hazırlığı üçün lazımi şərait yaradıb. Qarşıda komandamızı 54-cü Avropa çempionatı gözləyir. İdmançılarımız yaxşı formadadırlar. Çalışırıq ki, qitə çempionatında yüksək nəticələr əldə edək”.
Məşhur karateçi Tokio Olimpiadasına hazırlıqla bağlı planlarından danışıb: “Olimpiadada iştirak edib yüksək nəticələr qazanmaq hər bir idmançının arzusudur. Bu məqsədə çatmaq üçün öz üzərimizdə maksimum çalışırıq. Bununla bağlı planlarımız var. İlin əvvəlindən bir neçə yarışda iştirak etmişik. Təlim-məşqlər lazımi səviyyədə keçirilir. Yığmamızın Tokio Olimpiadasında geniş heyətdə təmsil olunmaq şansı böyükdür”.