İDMAN
Karateçimiz Firdovsi Fərzəliyev Dünya Oyunlarının qalibidir
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev (60 kq) Dünya Oyunlarının qalibi olub. Polşanın Vrotslav şəhərində mötəbər yarışın finalında F.Fərzəliyev dünya reytinqinin birincisi, iranlı idmançı Əmir Mehdizadəni 4:2 hesabı ilə məğlub edərək karyerasında daha bir uğur qazanıb.
AZƏRTAC xəbər verir ki, təcrübəli karateçimiz Emad Əlmalikiyə (Səudiyyə Ərəbistanı) 2:0, ötən il Avstriyada dünya çempionatının yarımfinalında hakim qərəzi ilə məğlub olduğu hollandiyalı Geofri Berensə və Matias Qarsia Qomesə (İspaniya) xalsız başa çatan döyüşlərdə hakimlərin qərarı ilə qalib gələrək “B” qrupunu ikinci yerdə başa vurub. Yarımfinalda “A” qrupunun lideri, tanınmış braziliyalı idmançı Duqlas Santos Brosu 5:0 hesablı tam üstünlüklə məğlub edən F.Fərzəliyev finala yüksəlib. Qızıl medal uğrunda görüşdə iranlı rəqibini üstələyən karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Dünya Karate Federasiyasının rəsmi səhifəsində (WKF) Firdovsi Fərzəliyevin döyüşləri haqqında qeydlər var. Onu bu çəki dərəcəsində sürpriz nəticələrdən biri adlandırsalar da, F.Fərzəliyevin son illər rəsmi yarışlarda böyük nəticələr göstərməsi, 60 kiloqram çəki dərəcəsində də Azərbaycan karateçilərinin yüksək əyarlı medallara iddialı olmasının göstəricisidir.
Bu nəticə ilə Azərbaycan Dünya Oyunlarının karate yarışlarında ilk gün 12 medal qazana bilən ölkə arasında Yaponiya və Fransa ilə birgə liderliyi bölüşür. İyulun 26-da daha bir idmançımız Ayxan Mamayev tatamiyə çıxacaq. Son dünya çempionatının nəticələrinə əsasən, Dünya Oyunlarına dəvət edilənlər arasında Rafael Ağayev (75 kq) olsa da, favorit idmançımızın zədəsi bu mötəbər yarışda onun çıxış etməsinə imkan verməyib.