ELM VƏ TƏHSİL
Karbon qazının məqsədyönlü istifadəsi üçün beynəlxalq təcrübə araşdırılıb
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun əməkdaşları Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə keçirilən "Elm həftəsi"ndə iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə müəssisənin neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov “Azərbaycanda iri tullantı mənbələrindən atmosferə atılan karbon qazının (CO2) tutulub yığılması və məqsədyönlü istifadəsi” layihəsi haqqında məruzə ilə çıxış edib. Məruzədə karbon qazının tullantı mənbələrinin və miqdarının təyin edilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması yolları kimi məsələlərdən bəhs olunub.
F.Kərimov qeyd edib ki, layihə əsasında karbon qazının tutulub yığılması, nəqli və məqsədyönlü istifadəsi üçün beynəlxalq təcrübə araşdırılıb və Azərbaycanda tətbiqi istiqamətində təkliflər verilib. Layihənin qlobal istiləşmə prosesinə mənfi təsirlərin azaldılması istiqamətində tətbiqinin ekoloji baxımdan böyük bir töhfə olduğu vurğulanıb.
Məruzə dinləyicilərin böyük marağına səbəb olub və geniş müzakirə aparılıb.