İDMAN


“Kardiff”ə FIFA sanksiyaları tətbiq edilə bilər

Bakı, 9 fevral, AZƏRTAC

Beynəlxalq Futbol Federasiyası (FIFA) Argentina futbolçusu Emiliano Salanın İngiltərə çempionatında çıxış edən “Kardiff” klubuna keçməsinə görə Fransanın “Nant” klubuna ödəniləcək 15 milyon funt sterlinq ümumi məbləğdən 5 milyon funt sterlinqini gələn həftənin sonuna qədər ödəməyəcəyi təqdirdə, valliyalıları inzibati qaydada cərimələyəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, argentinalı futbolçu La-Manş körfəzində Norman adaları rayonunda yüngül motorlu “PA 46 Malibu” təyyarəsinin yanvarın 21-də qəzaya uğraması nəticəsində həlak olub. Fevralın 7-də xilasedicilər onun cəsədini batmış təyyarədən çıxarıblar. Futbolçunun cəsədi Britaniya kriminalistləri tərəfindən identifikasiya olunub.

“Nant” E.Salanın “Kardiff”ə keçməsinə görə ödəniş etməyi hələ futbolçu itkin düşmüş sayılanda tələb edib. Şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə valliyalıları məhkəmə ilə hədələyib. Müqavilənin şərtlərinə görə, futbolçunun “Kardiff”in heyətinə keçməsinə görə məbləğ Uelss klubu tərəfindən üç il ərzində hissə-hissə ödənilməlidir. Buna görə də “Nant” 5 milyon funt məbləğində birinci tranşın ödənilməsində israrlıdır. Tərəflər müqavilənin məbləği barədə razılaşmanı yanvarın 19-da əldə ediblər. İki gün sonra isə argentinalının “Kardiff”ə keçməsi barədə beynəlxalq sertifikat Uelss Futbol Assosiasiyasında qeydə alınıb.

FIFA qaydalarına görə, kreditor inzibati tədbir görmək üçün borcu olan klubun öz maliyyə öhdəliklərini yerinə yetirmədiyini yazılı şəkildə bildirməli və vəziyyəti düzəltmək üçün ona ən azı 10 gün vaxt verməlidir. Nəşrin yazdığına görə, mahiyyət etibarilə fransızlar bunu ediblər.

“Nant” ötən həftə “Kardiff”ə elektron poçtla bildiriş, fevralın 5-də isə 5 milyon funt sterlinqi 10 gün ərzində ödəməsi xahişi ilə rəsmi məktub göndərib. Öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə FIFA-nın mübahisələrin həlli palatası qaydanı pozanı cərimələyə, yaxud bir və ya iki transfer pəncərəsi ərzində futbolçu almasına qadağa qoya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.