REGİONLAR
Kargüzarlıq işi yüksək peşəkarlıq tələb edir VİDEO
Ağcabədi, 25 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ağcabədidə keçirilən regional seminar-müşavirə yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, müşavirədə Prezident Administrasiyasının və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Tərtər, Yevlax, Laçın, Xocavənd rayon təhsil müəssisələrinin rəhbərləri, kargüzarlıq-dəftərxana işçiləri iştirak ediblər.
Qarabağ Muğam Mərkəzində keçirilən müşavirədə Təhsil Nazirliyinin nümayəndəsi Elvin Məmmədov kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili barədə danışıb. Qurumun rəsmisi Təhsil Nazirliyində, eləcə də təhsil müəssisələrində vətəndaşların qəbulunun daha da təkmilləşdirilməsi, qəbula yazılma prosesinin avtomatlaşdırılması və nəticələrin müşahidə sisteminin yaradılması ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonra cari ildə nazirliyin 146 “Qaynar xətt” Telefon Məlumat Mərkəzinə daxil olan zənglər və Qəbul Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hafiz Mehdiyev rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs edib, müzakirə olunan məsələnin vacibliyini vurğulayıb. Bildirib ki, son illərdə rayonda 3240 şagird yerlik 17 məktəb binası tikilib, 6 məktəb binası əsaslı təmir edilib. Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı proqramına əsasən, rayonun təhsil ocaqları ümumilikdə 875 ədəd kompyuterlə təmin edilib. 40 ümumtəhsil məktəbi və rayon təhsil şöbəsi internet şəbəkəsinə qoşulub.
Təhsil Nazirliyinin əməkdaşı Elmir Həsənov çıxış edərək, kargüzarlıq sistemində sənədlərin hazırlanmasına və rəsmiləşdirilməsinə qoyulan tələblərdən, sənədlərə əlavələrin edilməsi, qərarların, sərəncamların, protokolların, əmrlərin hazırlanması və tərtib olunması qaydalarından, onların icrasına nəzarətin təşkili, işlənilmiş sənədlərin arxivdə saxlanılması prosesi ilə bağlı görülməli olan zəruri işlərdən, elektron sənədlərlə əlaqədar kargüzarlığın aparılması məsələlərindən ətraflı bəhs edib.
Tədbirdə idarəetmədə vətəndaşların müraciətləri ilə bağlı sənədlərlə işin düzgün qurulmasının, bu sahədə müasir texnologiyalardan istifadənin aktual məsələ olduğu diqqətə çatdırılıb.
Diskussiya şəraitində davam edən seminar-müşavirənin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Sonra 2012-ci ildə inşa edilmiş 960 şagird yerlik şəhər 3 nömrəli məktəb-liseyin binası, burada şagirdlərin təhsili üçün yaradılan şəraitlə tanışlıq olub. Müəllimlərlə keçirilən görüşdə onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Məktəbin kitabxanasına ədəbiyyat hədiyyə edilib.