CƏMİYYƏT


Karin Hoerhan: Azərbaycan gender bərabərliyi məsələsinə məsuliyyətlə yanaşan ölkədir

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) ölkə nümayəndəliyinin rəhbəri, “Yerli inkişaf üçün yaxşı idarəetmə” layihəsinin rəhbəri Karin Hoerhan ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Bahar Muradova bu görüşün yaxından tanışlıq və gələcək planların müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildirib. B.Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə həyata keçirdiyi layihələrin müsbət nəticələrlə yadda qaldığını qeyd edib, koronavirus pandemiyası ilə əlaqədar görülən işləri, eləcə də 44 günlük Vətən müharibəsi dövründə zərərçəkmiş insanlara göstərilən dəstək işində GİZ-in köməyini yüksək qiymətləndirib.

Bahar Muradova həm dünyada, həm də Azərbaycanda qadınların müxtəlif vəzifələr tutduqlarını, ümumiyyətlə, gender bərabərliyinin təmin olunmasına yönələn konkret addımların atıldığını qeyd edib. Komitə sədri bu prosesin daha sürətlə davam edəcəyini vurğulayıb. O, yerlərdə fəaliyyət göstərən gender əlaqələndiriciləri, xüsusilə bələdiyyə orqanları çərçivəsində yaradılmaqda olan gender komissiyaları məsələsinə diqqət çəkib, onlara lazımi texniki və digər dəstəyin göstərilməsi, bu istiqamətdə yerli əməkdaşların, eləcə də könüllülərin təlim keçmələrinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ICESCO-nun yüksəksəviyyəli toplantısındakı çıxışına diqqət çəkən komitə sədri bildirib ki, təşkilat tərəfindən bu il “Qadınlar ili” elan edilib. Azərbaycan da bu təşkilatda çox fəal mövqeyə malikdir. Ölkəmizin İslam və Şərq dünyalarında bu istiqamətdə özünəməxsus inkişaf tarixinə və bugünkü nəticələrinə nəzər salsaq, bu prosesdə Azərbaycanın böyük rol oynayacağını deyə bilərik.

Vətən müharibəsindən sonrakı dövrdə quruculuq işlərinə toxunan AQUPDK-nın sədri Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə ən yüksək tələblərə cavab verən “ağıllı şəhər” və “ağıllı kənd”lərin yaradılacağını bəyan etdiyini, bu istiqamətdə addımlar atıldığını bildirib. Əlavə edib ki, komitənin də bu sahədə görəcəyi işlərin çərçivəsi genişlənməli, intensivliyi daha da artırılmalı, bu istiqamətdə bir sıra yeni əhəmiyyətli layihələr həyata keçirilməlidir.

Səmimi qəbula görə təşəkkürünü bildirən GİZ-in Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hoerhan ölkəmizə gəlişinin pandemiya, eyni zamanda, müharibə dövrünə təsadüf etdiyini diqqətə çatdırıb, indiyədək heç bir ölkədə bu qədər tarixi hadisənin şahidi olmadığını deyib.

K.Hoerhan çalışdığı bəzi ölkələrdə gender bərabərliyi məsələsinə sənəd üzərində baxıldığını bildirərək, Azərbaycanın bu məsələyə öhdəlik və məsuliyyətlə yanaşdığını vurğulayıb, ölkəmizdə bu sahədə işləməyin rahat olduğunu diqqətə çatdırıb. Təmsil etdiyi təşkilatın əsas rolunun Azərbaycanda olan tərəfdaşları strateji prioritet təşkil edən məsələlərlə bağlı dəstəkləmək olduğunu bildirən K. Hoerhan cari ildə icra edilən “Yerli inkişaf üçün yaxşı idarəetmə” layihəsi haqqında danışıb. O, Almaniya hökumətinin həvalə etdiyi layihələrdə məqsəd və indikatorlarla bağlı müəyyən çərçivələrin mövcud olduğunu bildirib. Göyçayda Qadın Resurs Mərkəzinin (QRM) yaradıldığını diqqətə çatdıran GİZ nümayəndəsi bu layihənin xüsusilə pandemiya zamanı qadınlara dəstək üçün pilot təşəbbüs olduğunu qeyd edib.

Daha sonra “Gender büdcələşməsi” layihəsinə toxunan K.Hoerhan bu məsələnin də mühüm əhəmiyyət kəsb etdiyini və onun davam etdirilməsində maraqlı olduqlarını qeyd edib. O, eyni zamanda, həssas qrupdan olan, qaçqın və məcburi köçkün əhali üçün GİZ tərəfindən xüsusi layihənin icra edildiyini də diqqətə çatdırıb.

Görüşün sonunda Bahar Muradova Dövlət Komitəsinin 15 illiyi münasibətilə səmərəli əməkdaşlığa görə qurumların təltif edildiyini xatırladıb, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatına təşəkkürnamə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.