İQTİSADİYYAT
Karrar-Sığırlı mənzilində 3800 metr yol əsaslı təmir olunacaqdır
Bakı, 20 fevral (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin fevralın 20-dən 23-dək Karrar-Sığırlı mənzilində 3 min 800 metr yol əsaslı təmir olunacaqdır.
Fevralın 20-də səhər saatlarında köhnə yol sökülməyə başlanılmış və artıq 1 kilometr yol sökülmüşdür.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanmışdır. Bu günə kimi 188 kilometr yol əsaslı təmir olunmuşdur.