İQTİSADİYYAT
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ikinci tirajı oynanılıb
Bakı, 16 aprel, AZƏRTAC
Mərkəzi Bankda rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə bütün ölkə əhalisini əhatə edən "Kartla ödə, kartla qazan" adlı stimullaşdırıcı lotereyanın ikinci tirajı oynanılıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, tirajın keçirildiyi dövrdə Azərbaycan ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək hər bir əməliyyata bir şans qazanıblar.
Tiraj müvafiq Tiraj Komissiyasının nəzarəti altında oynanılıb. Tirajda lotereya şərtlərinə uyğun olaraq mart ayı ərzində ümumilikdə 317 min 878 ödəniş kartı ilə aparılmış 1 milyon 296 min 667 əməliyyat iştirak edib. Lotereyanın dövrü ərzində martda nağdsız ödəniş edən şəxslərin (ödəniş kartlarının) sayı fevral ayı ilə müqayisədə 15,8 faiz, əməliyyatların sayı isə 21,2 faiz artıb.
Lotereyanın uduş fondu ikinci tiraj üzrə 600 qalibin hər birinə 50 manat təşkil edib. Uduş barədə kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcək.
Qaliblərin siyahısı ilə Mərkəzi Bankın internet saytında tanış olmaq olar: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya