İQTİSADİYYAT
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankında martın 15-də rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə bütün ölkə əhalisini əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, tirajın keçirildiyi dövrdə Azərbaycan ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək, hər bir əməliyyata bir şans qazanıblar.
Tiraj Mərkəzi Bankda yaradılmış kənar təşkilatların nümayəndələrindən ibarət Tiraj Komissiyasının nəzarəti altında oynanılıb. Ümumilikdə, tiraj dövrü olan fevral ayında lotereya şərtlərinə uyğun olan 274 min 617 ödəniş kartı ilə aparılmış 1 milyon 69 min 712 əməliyyat iştirak edib.
Lotereyanın uduş fondu birinci tiraj üzrə 600 qalibin hər birinə 50 AZN təşkil edib. Uduş haqda kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcək.
Qaliblərin siyahısı ilə Mərkəzi Bankın veb-saytında tanış olmaq olar: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya