REGİONLAR
“Karvan-L” EKO sənaye parkında keramit zavodunun təməli qoyulub
Ağstafa, 25 yanvar, Famil Quliyev, AZƏRTAC
Ağstafa rayonunda “Karvan-L” şirkətinin keramika dam örtükləri müəssisəsinin təməlqoyma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, yeni müəssisənin təməlqoyma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu gün Ağstafa artıq sənaye rayonu kimi tanınmağa başlayır. Qısa zamanda Ağstafada bir neçə istehsal və emal müəssisəsinin yaradılması, sahibkarlığın inkişafına dəstək verilməsi sayəsində rayon iqtisadiyyatında sənaye məhsulunun xüsusi çəkisi artıb. Bu müəssisələrin içərisində “Karvan-L” EKO sənaye parkı xüsusi yer tutur. 2016-cı ilin yayında təməli qoyulan sənaye parkı həmin ilin oktyabrın 19-da İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb.
Hazırda sənaye parkında 12 müəssisə fəaliyyət göstərir. Burada 165 nəfər işlə təmin olunub.
İqtisadiyyat Nazirliyinin nümayəndəsi Murad Hüseynov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarından və bölgəyə səfərindən sonra qərb rayonlarında sənaye müəssisələrinin yaradılması xüsusi vüsət alıb. Bu sahədə Ağstafa rayonunda görülən işlər daha geniş həcmdədir.
“Karvan-L” Elmi-İstehsalat Şirkətinin prezidenti Əbülfəz Qafarov qeyd edib ki, sənaye parkında istehsal olunan bir çox məhsullar artıq bazara çıxarılır. Onların arasında polietilen örtüklər, plastik kütlələr, dəmir, plastik qapı-pəncərə, şüşə və şüşə konstruksiyalar, avtomobil şinləri, dəmir dam örtükləri, bəzək və mozaika daşları, günəş batareyaları kimi məhsullar var.
Diqqətə çatdırılıb ki, təməli qoyulan “EKO Keramit” zavodunun istehsal gücü sutkada 500 kvadratmetr keramit təşkil edəcək.