MƏDƏNİYYƏT
“Karyera bələdçisi” işədüzəlmə və peşəyönümü məsələlərinə peşəkar yanaşmağa kömək edəcəkdir
Sumqayıt, 9 mart (AZƏRTAC). Gənc sumqayıtlı jurnalist, “Sumqayıtxabar.com” elektron resursunun yaradıcısı Eyvaz Qocayevin “Karyera bələdçisi” kitabı işıq üzü görmüşdür. Kitab peşəsində uğur qazanmağa, gözəl karyera qurmağa çalışan gənc mütəxəssislər üçün etibarlı köməkçi və əlaqələndirici olacaq, karyera yüksəlişinə doğru irəliləməyin əlifbasını öyrənməyə kömək edəcəkdir. Menecer və mütəxəssislər üçün nəzərdə tutulmuş kitabda fiziki və psixoloji amilləri nəzərə alan, işədüzəlmə prosesində qarşıya çıxan problemləri aradan qaldırmağa kömək edəcək çoxsaylı testlər yer almışdır.
Eyvaz Qocayev AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: “Sumqayıt dinamik inkişaf edir. Şəhər iqtisadiyyatının yeni üfüqləri açılır. Burada müasir müəssisələr tikilir, modernləşdirilmiş texnoparklar yaradılır, infrastruktur inkişaf edir, özəl sektor fəal surətdə genişlənir. Şəhərdə ölkəmizin başçısı İlham Əliyevin Sumqayıtı respublikamızın müasir sənaye mərkəzinə çevirmək barədə tapşırığı qətiyyətlə və uğurla həyata keçirilir. Sumqayıtın inkişafı gənclər üçün də perspektivlər açır. Belə vəziyyətdə gənclərin peşəyönümü və işə düzəlməsi məsələləri xüsusi aktuallıq kəsb edir”.
Kitabın səhifələrində səmərəli peşə seçimi, əmək bazarında düzgün istiqamətlənmək və vakansiyalar yarmarkasında prioritetlərin müəyyən edilməsi, işlə təminat səbəbləri, işəgötürənlə ilk söhbət və digər məsələlər əksini tapmış, karyera qurmaq vasitələri, o cümlədən aparıcı işəgötürənlər, biznes-məktəblər, rekrutinq şirkətləri barədə informasiya, habelə İnternetdə faydalı linklər, müvafiq qurumların ünvanları yerləşdirilmişdir. Müəllifin sözlərinə görə, kitabda toplanmış faydalı informasiya karyera kimi ciddi məsələyə peşəkar yanaşmaq istəyənlər üçün əsl tapıntı olacaqdır.
######