CƏMİYYƏT
Karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən gənclər üçün yeni imkan
Bakı, 23 may, AZƏRTAC
İnformasiya texnologiyaları ixtisasları üzrə təhsil alan orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, həmçinin məzunlar, işaxtaran gənclər və karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən gənclərin şəxsi inkişafı və məşğulluğunun təmin edilməsi, eləcə də karyera quruculuğu üçün mərhələli təlim sessiyalarından ibarət “TechYouth” layihəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, layihə informasiya texnologiyaları sahəsi üzrə davamlı inkişaf edən bazarın tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsi, onların real iş şəraitində təcrübə əldə etməsini qarşıya məqsəd qoyub.
Yarandığı gündən gənclərin sosial və fərdi inkişaf, karyera platforması olan Gənclərin İnkişaf və Karyera Mərkəzi və proqramlaşdırma sahəsində böyük təcrübəyə sahib olan “TechAcademy”nin təşkilatçılığı ilə həyata keçirilən açılış tədbirinə rəsmilər və təlim iştirakçıları qatılıblar. Tədbirdə layihənin təqdimatı ilə yanaşı, müzakirələr də aparılıb.
Layihənin icrası ərzində iştirakçılara proqramlaşdırma sahəsi ilə bağlı peşəkarlar tərəfindən dərslər keçirilərək, onların bu sahə üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilməsi nəzərdə tutulub.
Layihədə iştirak üçün 500-dən çox müraciət daxil olub. Onların arasından 140 potensiallı gənc seçilərək müsahibə və test mərhələsinə dəvət olunub. Nəticədə müraciət edənlər arasından seçilən 10 gənc layihədə iştirak hüququ qazanıb.
Proqramda öz sahəsinin peşəkarı olan təlimçilər tərəfindən dərslər keçiriləcək. Təlimlər “Full Stack Veb Proqramlaşdırma” (Python\Bootcamp), “Full Stack Veb Proqramlaşdırma” (Python), “Front End Veb” Proqramlaşdırma (RaectJS), “UX/UI Dizayn” (Web Dizayn), “QA Manual Testing” proqramlarını əhatə edəcək.