İQTİSADİYYAT
“Kaspersky Lab” “bug bounty” proqramı ilə öz həllərində boşluqların mövcudluğunu yoxlayacaq
Bakı, 3 avqust, AZƏRTAC
“Kaspersky Lab” şirkəti hazırladığı proqram təminatlarında boşluqların aşkarlanmasına yönəlmiş “bug bounty” proqramını elan edib.
AZƏRTAC xəbər verir ki, həmin təşəbbüs kənar tədqiqatçıların cəlb olunması və şirkətin həllərində əhəmiyyətli xətaların müəyyən edilməsi halında mükafatın ödənilməsini nəzərdə tutur. Bununla “Kaspersky Lab” öz həllərində daxili boşluqları aradan qaldırmaq istiqamətində işləməklə yanaşı, informasiya texnologiyaları sahəsində kənar ekspertlərlə qarşılıqlı əlaqələrin miqyasını və formatını genişləndirir. Bu təşəbbüsdə “Kaspersky Lab”ın tərəfdaşı qismində “bug bounty” proqramları üçün tanınmış beynəlxalq platforma olan “HackerOne” çıxış edir.
Avqustun 2-də start götürən proqramın birinci mərhələsi 6 ay davam edəcək. Bu müddət ərzində “Kaspersky Lab” fərdi və korporativ istifadəçilər üçün flaqman həllər sayılan “Kaspersky Internet Security” və biznes üçün “Kaspersky Endpoint Security” proqram təminatlarını yoxlanmaya təqdim edəcək. Ümumilikdə, şirkət boşluqları aşkarlayan tədqiqatçılara 50 min ABŞ dolları həcmində mükafat verməyi nəzərdə tutur. Birinci mərhələ yekunlaşdıqda “Kaspersky Lab” nəticələri təhlil edərək növbəti mərhələdə istifadə olunacaq əlavə məhsulları və sonrakı tədqiqatlar üçün nəzərdə tutulmuş ödənişləri müəyyən edəcək.
“Kaspersky Lab” şirkətinin “bug bounty” proqramı haqqında daha ətraflı məlumat https://hackerone.com/kaspersky saytında və şirkətin https://business.kaspersky.ru/bug-bounty/3966 ünvanlı bloqunda təqdim olunub.