İQTİSADİYYAT
“Kaspersky Lab” tərəfindən 170 ölkədə 188 mindən çox düyün aşkar edilib
Bakı, 26 iyul, AZƏRTAC
“Kaspersky Lab” şirkəti mühüm infrastruktur və sənaye obyektlərində istifadə olunan avtomatlaşdırılmış idarə sistemlərin (AİS) böyük qisminə nəinki internetdən giriş etmək mümkün olduğunu, həmçinin onların proqram təminatında boşluqların mövcudluğunu aşkarlayıb. Bu səbəbdən də onlar kiberhücumlara məruz qalma riskini yaşayırlar.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Kaspersky Lab”ın ekspertləri 170 ölkədə 188 mindən çox düyün aşkar edib. Adıçəkilən düyünlərdə AİS komponentləri daşıyan 220 min müxtəlif sənaye sistemi yerləşdirilib. Boşluqlar üzrə ictimai bazalara əsasən (CVE, ICS-CERT), komponentlərin 92 faizi boşluqlara sahibdir və yaxud müdafiə olunmayan məlumat ötürülməsi protokolları istifadə edir. Bu isə cinayətkarlara müxtəlif texnologiya proseslərinə uzaqdan giriş imkanı yaradır.
Aşkar olunmuş düyünlərin 13 mindən çoxu energetika, neft-qaz və kimya, sənaye sektoru, nəqliyyat və avtomobilqayırma sahələri, qida məhsullarının istehsalı, maliyyə və səhiyyə üzrə böyük şirkətlərə məxsusdur. Bununla yanaşı, düyünlərin 91 faizinin boşluqlara sahib olması ekspertlərdə narahatçılıq oyadır.
İnternetə qoşulmuş avtomatlaşdırılmış idarə sistemlərinin böyük hissəsi (31 faizi) ABŞ-da yerləşir. Avropa ölkələri arasında AİS komponentləri daşıyan aşkar olunmuş hostların 14 faizi ilə Almaniya liderliyi qoruyur.
Bununla yanaşı, avtomatlaşdırılmış idarə sistemlərində boşluqların sayı son illər ərzində xeyli artıb. Əgər 2010-cu ildə bu tipli sistemlərdə ekspertlərə 19 boşluq məlum idisə, 2015-ci ildə məlum boşluqların sayı artıq 189-a çatıb.